KT nədir?
Kompüter tomoqrafiyası rentgen şüalarından istifadə edərək bədənin kəsik-kəsik təsvirini alan görüntüləmə üsuludur. Adi rentgendən fərqli olaraq, KT orqanları və toxumaları müxtəlif müstəvilərdə, təbəqə-təbəqə göstərir.
KT necə işləyir?
Siz hərəkət edən stolun üzərində uzanırsınız, stol halqa formalı aparatın içindən keçir. Aparat müxtəlif bucaqlardan rentgen təsvirləri alır və kompüter bunları vahid kəsik təsvirinə birləşdirir. Müayinə adətən qısa çəkir və çox vaxt yalnız nəfəsi bir neçə saniyə saxlamaq tələb olunur.
KT hansı hallarda istifadə oluna bilər?
- Travma və qəza sonrası daxili zədələrin qiymətləndirilməsi
- Sümük sınıqları və mürəkkəb sınıqların dəqiqləşdirilməsi
- Ağciyər və döş qəfəsi patologiyaları
- Burunətrafı ciblər (sinuslar) və qulaq nahiyəsi
- Qarın boşluğu və kiçik çanaq patologiyalarının qiymətləndirilməsi
- Böyrək və sidik yolları daşları
- Beyin qanamalarının kəskin qiymətləndirilməsi
Konkret göstəriş həkim tərəfindən müəyyən olunur.
Kontrast maddə haqqında
Bəzi KT müayinələrində qan damarlarının və toxumaların daha aydın görünməsi üçün kontrast maddə istifadə oluna bilər. Kontrast damardan yeridilə və ya içmək üçün verilə bilər.
Təhlükəsizlik
KT-də rentgen şüalarından istifadə olunur. Müayinə yalnız tibbi göstəriş olduqda təyin edilir və hər müayinədə istifadə olunan doza mümkün olan ən aşağı səviyyədə saxlanılır.
Hamiləlik və ya hamiləlik şübhəsi olduqda mütləq həkimə və texnikə məlumat verin.